Bu, bizim hər birimizin həyatında ən xoşbəxt anlardır. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərdi.
Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Onlar torpağımızı düşməndən qarış-qarış azad edib, bu Zəfəri xalqımıza nəsib ediblər.
Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Biz tarixi Qələbəmizi hüquqi və siyasi müstəvidə daha da möhkəmləndirəcəyik.
Xalqımızın birliyi bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq. Qarabağ yenidən doğulacaq, canlanacaq, dirçələcək. Qarabağ əsl cənnət məkanına çevriləcək.
Köçkünləri qaytarmaq üçün ilk növbədə təhlükəsizlik və infrastruktur məsələləri həll olunmalıdır. Həmin ərazilər minalardan təmizlənməlidir. Biz bu prosesə beynəlxalq təşkilatları da cəlb edəcəyik
Yaralı hərbçilərimizin bundan sonra da normal həyata qayıtması üçün bütün lazımi tədbirlər görüləcək. Şəhid ailələrinin problemləri öz həllini tapacaq.
Bu bəyanat tarixi əhəmiyyət kəsb edir. Bu bəyanat Ermənistanın kapitulyasiyası deməkdir. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat bizim Şanlı Qələbəmizdir!