BDU rəhbərliyi QS-2027 reytinqində mühüm göstəricilərin əldə olunmasında əməyi olan akademik, tədqiqat və inzibati heyətlərə, tələbələrə, eləcə də universitetin bütün tərəfdaşlarına dərin təşəkkürünü bildirir. Universitet növbəti illərdə daha yüksək pillələrdə qərarlaşmağı və Azərbaycanın beynəlxalq ali təhsil məkanında mövqeyinin daha da gücləndirilməsinə töhfə verməyi əsas strateji məqsədlərindən biri kimi müəyyən edir. Eyni zamanda, QS reytinqində yer alan ölkəmizin digər universitetlərini uğurları münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.
BDU-da Konfutsi İnstitutunun fəaliyyətə başlamasının 15 illiyini qeyd etdik.
2011-ci ildə BDU və Anhui Universitetinin tərəfdaşlığı ilə fəaliyyətə başlayan Konfutsi İnstitutu ötən 15 il ərzində Azərbaycanda Çin dilinin tədrisi və mədəni əməkdaşlığın inkişafında mühüm rol oynayıb. Bu müddətdə minlərlə insan Çin dili kurslarında iştirak edib, onlarla mədəni tədbir keçirilib, çoxsaylı gənclər təhsil imkanlarından yararlanaraq Azərbaycan-Çin mədəni əlaqələrinin inkişafına töhfə veriblər.
Konfutsi İnstitutu bu gün təkcə dil öyrədən təhsil mərkəzi deyil, həm də Azərbaycan və Çin universiterləri arasında dostluğun, mədəni əlaqələrin və akademik əməkdaşlığın mühüm platformalarından birinə çevrilib.
Əminik ki, BDU ilə Anhui Universiteti arasında uğurla davam edən tərəfdaşlıq və Konfutsi İnstitutunun fəaliyyəti qarşıdakı illərdə də elm, təhsil və mədəniyyət sahələrində yeni nailiyyətlərlə yadda qalacaq.
15 illik yubileyi münasibətilə Konfutsi İnstitutunun əməkdaşlarını təbrik edir, yeni-yeni uğurlar arzulayıram.
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası və xalqımızın gələcəyə inamının yenidən bərpası kimi tarixə həkk olunmuş taleyüklü bir gündür. Bu gün ölkəmizin parçalanmaq təhlükəsindən qurtularaq sabitlik, birlik və inkişaf yoluna qədəm qoymasının rəmzi kimi milli yaddaşımızda həkk olunmuşdur.
15 İyun Azərbaycanı güclü dövlətə aparan yolun başlanğıcı olaraq daim qürur və ehtiramla anılır.
Milli Qurtuluş Günümüz mübarək!
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunları ilə birlikdə “Son zəng”in sevincini bölüşdük.
Bu il liseyimizi 61 məzun bitirir. Onlardan 6 nəfəri qızıl medala, 27 nəfəri isə fərqlənmə attestatına namizəddir.
Qürurvericidir ki, liseyimizin şagirdləri 2025/2026-cı tədris ilində Respublika Fənn Olimpiadalarında 3 qızıl, 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 11 medal qazanıblar. Şagirdlərimizin beynəlxalq və yerli olimpiadalarda əldə etdikləri uğurlar onların çalışqanlığının və əzminin, müəllimlərimizin fədakar əməyinin və liseydə formalaşmış yüksək təhsil mühitinin nəticəsidir.
Əziz məzunlar, dəyərli müəllimlər və valideynlər!
Hər birinizi ürəkdən təbrik edirik. Məzunlarımıza gələcək həyatlarında yeni uğurlar arzulayırıq.
UĞUR NƏSİBİNİZ OLSUN!
2026-cı ildə BDU-da təhsilini başa vuran gənclərimizlə birlikdə Məzun Günümüzü böyük sevinc və təntənə ilə qeyd etdik.
Bu il 6000-dən artıq BDU məzunu həyatının yeni bir mərhələsinə qədəm qoyur. İnanırıq ki, hər biriniz qazandığınız bilik və bacarıqlarla ölkəmizin inkişafına öz töhfənizi verəcəksiniz.
Sevindirici haldır ki, məzunlarımızın bir çoxu həm BDU-da, həm də dünyanın nüfuzlu universitetlərində təhsillərini davam etdirərək yeni hədəflərə doğru irəliləyəcəklər.
Əziz məzunlar, dəyərli BDU ailəsinin üzvləri! Qarşıda yeni imkanlar, yeni uğurlar və yeni zirvələr sizi gözləyir.
Hər birinizi ürəkdən təbrik edir, həyat yolunuzda xoşbəxtlik, uğur və daim yüksəliş arzulayırıq. Harada olmağınızdan asılı olmayaraq, BDU hər zaman sizin doğma məkanınız olaraq qalacaqdır.
Xoş sorağınızı eşitmək arzusu ilə,
UĞUR NƏSİBİNİZ OLSUN!
BDU və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə 3-4 iyun tarixlərində keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” I Beynəlxalq elmi konfrans öz işini uğurla başa çatdırdı.
Konfransda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının tarixi, hüquqi, siyasi, humanitar və mədəni aspektlərinə dair məruzələr edildi, qayıdış ideyasının regional sülh, qarşılıqlı etimad və beynəlxalq hüquq prinsipləri kontekstində əhəmiyyəti əsaslandırıldı. Yerli və xarici alimlərin, ekspertlərin, dövlət və ictimaiyyət nümayəndələrinin fəal iştirakı ilə keçirilən panel sessiyalarda və bölmə iclaslarında tarixi yaddaşın qorunması, milli kimliyin möhkəmləndirilməsi və tarixi həqiqətlərin elmi əsaslarla araşdırılması istiqamətində müzakirələr aparıldı.
Konfrans çərçivəsində BDU ilə Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı. Bu sənəd elm, təhsil, tədqiqat, mədəni irsin qorunması və təbliği, eləcə də Qərbi Azərbaycanla bağlı tarixi və hüquqi araşdırmaların genişləndirilməsi istiqamətində birgə fəaliyyəti daha da möhkəmləndirəcəkdir.
Əminik ki, konfransdakı müzakirələr Qərbi Azərbaycana qayıdış ideyasının elmi əsaslarının daha da möhkəmləndirilməsinə, beynəlxalq akademik əməkdaşlığın genişlənməsinə və tarixi həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılmasına töhfə verəcəkdir.
28 May – Müstəqillik Günümüz mübarək!
Müstəqilliyimiz xalqımızın ən böyük sərvəti, milli birliyimizin və dövlətçilik iradəmizin təcəssümüdür. Bu dəyərlərə sahib çıxmaq və gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur!
Ulu Öndər Heydər Əliyevin dediyi kimi: Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil etdiyimiz maarifləndirici infotur tələbələrimiz üçün həm tarixi irsimizi yaxından tanımaq, həm də şəhərsalma və mədəni irsin qorunması sahəsində praktiki biliklər əldə etmək baxımından çox faydalı oldu.
İnanırıq ki, belə təşəbbüslər gənclərimizin milli-mədəni dəyərlərimizə bağlılığını daha da gücləndirir. “BDU könüllüləri”nin bu prosesdə fəal iştirakı isə qürurvericidir.
Müqəddəs Qurban bayramı münasibətilə BDU kollektivini və xalqımızı təbrik edir, hər kəsə möhkəm sağlamlıq, firavanlıq və bol ruzi-bərəkət arzulayıram.
Allah dualarınızı qəbul eləsin!
Bayramınız mübarək!
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində təşkil olunan “Bakı Şəhərsalma Həftəsi 2026” platforması çərçivəsində BDU və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı və UN Habitat-ın dəstəyi ilə “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans keçirildi.
Konfransda müvafiq dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların təmsilçiləri, ali təhsil müəssisələrinin rəhbərləri və ekspertlərlə birlikdə şəhərlərin gələcəyi, dayanıqlı urbanizasiya, insan kapitalının inkişafı və innovativ idarəetmə modelləri ətrafında geniş müzakirələr aparıldı.
Bu gün artıq aydındır ki, şəhərlərin inkişafı yalnız infrastruktur layihələri ilə deyil, güclü təhsil sistemi, elmi potensial və peşəkar insan kapitalı ilə müəyyən olunur. Bugün Universitetlərin əsas missiyası yalnız bilik ötürmək deyil, gələcəyin qərarvericilərini, tədqiqatçılarını və innovatorlarını yetişdirməkdir.
Konfrans çərçivəsində BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı. Eyni zamanda BDU-nun Mədəni İrsi Araşdırma Mərkəzinin direktoru Musa Mərcanlının baş redaktoru olduğu “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı keçirildi. Azərbaycanın urbanizasiya tarixi, şəhər mədəniyyəti və müasir inkişaf modeli ilə bağlı mühüm elmi baxışları özündə birləşdirən bu nəşr WUF13 iştirakçıları, eyni zamanda tədqiqatçılar və tələbələr üçün dəyərli mənbə olacaqdır.
BDU kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
#BDU#BakuStateUniversity#HeydərƏliyev#HeydərƏliyev103
Bakıda baş tutmuş 19-cu “Beynəlxalq Kənd Təsərrüfatı Həftəsi – Caspian Agro Week” çərçivəsində BDU-da “Risklərə qarşı aqrar sığorta çətiri” mövzusunda beynəlxalq forum keçirildi. Forumda kənd təsərrüfatına iqlim dəyişikliklərinin təsiri, aqrar sahədə risklərin idarə olunması və aqrar sığorta mexanizminin əhəmiyyəti geniş müzakirə edildi.
Forumda ölkəmizdə iqtisadiyyatın, eləcə də kənd təsərrüfatının inkişafına dövlət dəstəyi, bu istiqamətdə kadr hazırlığı, aparılan elmi-tədqiqiat işlərinin istiqamətləri barədə çıxış etdim.
Forumda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat, Özbəkistan Aqrar Sığorta Fondunun direktoru Muratjan Açilov, eləcə də “Azərkosmos”, Milli Hidrometeorologiya Xidməti və BDU-nun nümayəndələri mövzu ətrafında maraqlı məruzələr etdilər.
BDU-da Ulu Öndər, Universitetimizin dünya şöhrətli məzunu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konfrans keçirildi.
Əvvəlcə Ulu Öndərin əsas binadakı büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi dərin ehtiramla yad edildi. Daha sonra ölkəmizin nüfuzlu ictimai-siyasi xadimlərininin, professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən konfransda Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, Azərbaycan dövlətinin inkişafındakı müstəsna xidmətləri və azərbaycançılıq ideologiyası barədə məruzələr edildi.
Müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin siyasi uzaqgörənliyi, xalqına və dövlətinə sonsuz bağlılığı Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, hüquqi və güclü dövlət quruculuğunda həlledici rol oynamışdır. Bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkəmizin hərtərəfli inkişafını təmin edir. Bu zəngin irsin öyrənilməsi və təbliği hər birimizin vətəndaşlıq borcudur.
Konfransdan əvvəl Ulu Öndərin məzunu olduğu BDU-nun Tarix fakültəsində açılan “Azərbaycan” auditoriyası da bu amala xidmət edəcəkdir. Milli dövlətçilik düşüncəsinin və azərbaycançılıq ideologiyasının təbliği istiqamətində silsilə mühazirələr, ustad dərsləri təşkil olunacaqdır.
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan Respublikasının memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi və təbliği hər birimizin vətəndaşlıq borcudur. Onun uzaqgörən siyasətini və doğma xalqına bağlılığını hər zaman dərin ehtiramla yad edəcəyik.
Ulu Öndərin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
BDU ilə “AnewZ” beynəlxalq televiziya kanalı arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı. Əməkdaşlıq çərçivəsində tələbələrin praktiki bilik və bacarıqlarının inkişafı, media sahəsində təcrübə imkanlarının genişləndirilməsi və ingilisdilli jurnalistikanın tədrisi və təşviqi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.
BDU yüksək ixtisaslı jurnalist kadrların hazırlanmasında media qurumları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. “AnewZ”un beynəlxalq media standartlarına uyğun fəaliyyəti və ingilisdilli jurnalistika sahəsində qazandığı uğurlarının tələbələrimizin peşəkar inkişafına mühüm töhfə verəcəyinə əminik.
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və Milli Observatoriyanın nümayəndələri ilə keçirilən görüşdə ali təhsil və əmək bazarı arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində müzakirələr apardıq.
Bu gün universitetlərin əsas prioritetlərindən biri yalnız peşəkar mütəxəssis hazırlamaq deyil, eyni zamanda məzunların əmək bazarında uğurlu inteqrasiyasını təmin etməkdir. Bu baxımdan, əmək bazarının real tələblərinin təhlili, məzunların məşğulluq göstəricilərinin izlənilməsi və tələbələrin praktiki bacarıqlarının inkişafı xüsusi əhəmiyyət daşıyır.
Görüş zamanı tələbələrin analitik tədqiqat imkanlarının genişləndirilməsi, məlumat bazalarına çıxışın artırılması, praktik təcrübə proqramları, seminar və peşəkar inkişaf təlimlərinin təşkili ilə bağlı gələcək əməkdaşlıq istiqamətləri də müzakirə olundu.
İnanırıq ki, universitet–əmək bazarı əməkdaşlığının gücləndirilməsi tələbələrimizin və məzunlarımızın gələcək karyera imkanlarına töhfə verəcəkdir.
BDU Məzunlar Cəmiyyətinin növbəti seminarı süni intellekt və Böyük Dil Modellərinə (LLM) həsr olundu. Seminarda Universitetimizin məzunu texnika üzrə fəlsəfə doktoru, dosent Samir Rüstəmov maraqlı məruzə etdi.
Dünya şöhrətli alim Qərib Mürşüdovun rəhb��rliyi ilə “Qlobal AI dövründə lokal intellekt: Böyük Dil Modellərinə yeni baxış” mövzusunda keçirilən seminarda süni intellekt texnologiyalarının inkişaf perspektivləri, milli dil modellərinin formalaşdırılması və bu sahədə insan kapitalının hazırlanmasının əhəmiyyəti ətrafında müzakirə aparıldı.
Məzunlarımızın beynəlxalq səviyyədə əldə etdikləri uğurlar və biliklərini yenidən BDU auditoriyalarına daşıması qürurvericidir. Belə görüşlər tələbələrimizin müasir texnologiyalar və innovasiyalarla daha yaxından tanış olmasına töhfə verir.
Pakistanın Çitral Universitetinin rektoru Hazir Ullahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə BDU-da görüşdük.
Görüşdə elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərini, akademik mübadilə və birgə tədqiqat imkanlarını müzakirə etdik. Eyni zamanda, universitetlərimiz arasında əməkdaşlıq memorandumu imzaladıq.
Bu əməkdaşlığın BDU-nun beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişlənməsinə və yeni akademik layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcəyinə əminik.