Söhbətin şirindi, gülüşün təzə, saldın ürəyimi eşqə, həvəsə. Sən ayaq basdığın o yola, izə, çəmənə, səhraya qurban olaram.
Çatsın hər muradın başa dünyada, bir arzun dəyməsin daşa dünyada. Bu dünya gözəldi, yaşa dünyada, sən olan dünyaya qurban olaram.
🪶N. Həsənzadə
Yenə bu şəhərdə üz-üzə gəldik
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.
Aradan nə qədər il keçib görən,
Tanıya bilmədim, məni bağışla.
🪶 Ramiz Rövşən
Yenə şəhər…
Yenə həmin insan seli…
Kölgələr əyilir camda.
Bəlkə də, biz
Ayrı-ayrı evdən çıxıb
Yan-yana itkin düşürük,
Hər gün eyni izdihamda.
🪶 Aqşin Yenisey
Bakıya duman gəlib,
Deyəsən, yaman gəlib,
Heç kəsə demə...
Bu dumana qapımdan,
Çıxan kimi azmışam
yenə şeir yazmışam,
heç kəsə demə...
Daş evlər arasında
Neyləyər duman mənə?
Gülüm, diriyəm yenə,
Heç kəsə demə...
🪶 Vaqif Səmədoğlu
Bu yerləri bu göyləri Yağış yuyur, gün qurudur. Bu dünyada çox şeyləri Yağış yuyur, gün qurudur.
Gözümüzün yaşını da, Bağrımızın başını da Qəbrimizin daşını da Yağış yuyur, gün qurudur.
–Ramiz Rövşən
Mövsimi-novruzü neysan aşikar oldu yenə,
Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə.
Qönçədən gül baş çıxardı, saldı üzündən niqab,
Bülbülü-şeyda xətibi-lalazər oldu yenə.
🪶 İmadəddin Nəsimi
Hələ neçə küçəndə
güllər dəstələnməyib.
Hələ böyük nəğmənin
xalı bəstələnməyib.
Yüz il ömür sürəydim,
bir gün xəstələnməyib.
Yazaydım, yaradaydım
şah nəğməni mən, Bakı!
Oxuyaydı dostların
onu ürəkdən, Bakı!
🪶 Rəsul Rza
Keçmişindən danışsam
sarayın var, qalan var.
Hər millətdən, hər eldən
sənə mehr salan var.
Böyük günlər yolçusu
min-min doğma balan var.
Bu günümün qüdrəti
şanım, şöhrətim Bakı!
Elim, günüm, məskənim,
eşqim, həsrətim Bakı!
🪶 Rəsul Rza
Dünyada çoxdur şəhər.
Sən mənim şəhərimsən.
Xoş ətirli baharım,
şəfəqli səhərimsən.
İftixarım, öyüncüm,
qələbəm, zəfərimsən.
Məhəbbəti könlümdə
dalğalı Xəzər Bakı!
Gələcəyi xəyalım
səninlə gəzər, Bakı!
🪶 Rəsul Rza