5 oktyabr tarixində Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Almaniya Birliyi Günü münasibətilə təşkil olunmuş tədbirdə iştirak etdik.
07 oktyabr 2026-cı il tarixində Tovuz şəhərində növbəti vətəndaş qəbulunu keçirdik. Seçicilərlə görüş zamanı əsasən məşğulluq, məhkəmə və şəhid adının əbədiləşdirilməsi ilə bağlı müraciətlər dinlənildi. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı və onların həlli istiqamətində zəruri səylərin göstəriləcəyi seçicilərə bildirildi.
Əziz müəllimlər! Sizi peşə bayramınız – Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram. Gənc nəslin təlim-tərbiyəsində göstərdiyiniz fədakar əməyə görə hər birinizə təşəkkür edirəm!
Cəbrayılın azadlığı – Böyük Qayıdışın başlanğıcı
4 oktyabr – Cəbrayıl şəhəri günü Azərbaycanın şanlı tarixinin mühüm səhifələrindən biridir. Bu tarix Cəbrayılın işğaldan azad edilməsini və tarixi ədalətin bərpasını simvolizə edir.
Cəbrayıl 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, şəhər və rayonun yaşayış məntəqələri dağıdılmış, tarixi-mədəni irsimizə qarşı vandalizm törədilmişdir. Minlərlə sakin doğma yurdlarından məcburi köçkün düşərək uzun illər qayıdış həsrəti ilə yaşamışdır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu həsrətə son qoyan tarixi mərhələnin başlanğıcı oldu. Oktyabrın 4-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğaldan azad etdi. Cəbrayılın azadlığı Zəfər yolunun mühüm mərhələlərindən biri kimi Azərbaycan xalqının milli iradəsinin və qəhrəmanlığının təcəssümünə çevrildi.
Bu gün Cəbrayılda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün müasir infrastruktur yaradılır. Cəbrayılın dirçəldilməsi Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biridir.
4 oktyabr Cəbrayıl üçün azadlığın, tarixi ədalətin və doğma torpaqlara qayıdışın rəmzidir. Bu Zəfər şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı və Azərbaycan Ordusunun şücaəti ilə qazanılmışdır.
Heydər Əliyev və müstəqil Azərbaycanın yüksəliş mərhələsi
3 oktyabr 1993-cü il Azərbaycan dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biridir. Həmin dövrdə ölkə ağır ictimai-siyasi, iqtisadi və hərbi böhranla üz-üzə idi. Ermənistanın hərbi təcavüzü və torpaqların işğalı, ölkə daxilində siyasi qarşıdurma, iqtisadi tənəzzül və dövlət idarəçiliyində yaranmış ciddi problemlər müstəqilliyin gələcəyini ciddi təhlükə qarşısında qoymuşdu. AXC-Müsavat hakimiyyətinin apardığı uğursuz siyasət və idarəçilikdə yol verilən ciddi səhvlər mövcud böhranı daha da dərinləşdirmişdi.
Belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcını qoydu. 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilən Ulu Öndər iyunun 24-dən prezident səlahiyyətlərini həyata keçirməyə başladı, oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi.
Heydər Əliyevin qarşısında ilk növbədə ölkədə sabitliyin və qanunçuluğun bərqərar edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və müstəqilliyin qorunması kimi mühüm vəzifələr dayanırdı. Qısa müddət ərzində siyasi sabitliyin təmin edilməsi dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi üçün zəruri zəmin yaratdı. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi hüquqi dövlət quruculuğunun əsaslarını müəyyənləşdirdi.
Ulu Öndərin iqtisadi siyasətində bazar iqtisadiyyatına keçid, xarici investisiyaların cəlb edilməsi və ölkənin təbii resurslarından səmərəli istifadə əsas istiqamətlərdən biri idi. Bu siyasətin mühüm dayağını təşkil edən neft strategiyası 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni mərhələyə qədəm qoydu. Bu tarixi saziş Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasına, ölkəyə xarici investisiyaların cəlb edilməsinə və uzunmüddətli iqtisadi inkişaf üçün mühüm imkanların yaranmasına şərait yaratdı.
Xarici siyasətdə milli maraqlara əsaslanan və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə yönəlmiş siyasət həyata keçirildi. Ölkənin beynəlxalq əlaqələri genişləndirildi, Azərbaycanın ərazi bütövlüyü məsələsi beynəlxalq gündəmdə ardıcıl şəkildə müdafiə olundu. 1994-cü il mayın 12-də atəşkəsə nail olunması isə ölkə daxilində sabitliyin möhkəmləndirilməsi və dövlət quruculuğunun davam etdirilməsi üçün mühüm şərait yaratdı.
Beləliklə, 3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın müstəqillik tarixində yeni siyasi mərhələnin başlanğıcı oldu. 1993–2003-cü illərdə həyata keçirilən dövlət quruculuğu, siyasi və iqtisadi islahatlar, neft strategiyası və fəal xarici siyasət müasir Azərbaycanın inkişafının əsaslarını formalaşdırdı.
YAP VIII Qurultayı: Böyük Qayıdış və davamlı inkişaf prioritetləri
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və beynəlxalq həyatının mühüm istiqamətlərinə dair əsas prioritetləri əhatə edib.
Dövlətimizin başçısı YAP qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu vurğulayıb, partiyanın Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi 30 ildən artıqdır iqtidarda olduğunu diqqətə çatdırıb. Prezident ilk dəfə qurultayın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirildiyini qeyd edib. İkinci Qarabağ müharibəsində əldə olunan Zəfəri Azərbaycanın şanlı tarixinin mühüm səhifəsi kimi qiymətləndirərək, xalqın vahid mövqeyinin, siyasi qətiyyətin və həyata keçirilən ardıcıl addımların bu tarixi nəticənin əldə olunmasında mühüm rol oynadığını bildirib.
Çıxışda Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin və müəyyən etdiyi strateji xəttin davamlılığı xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycanın inkişafında Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün də ardıcıl şəkildə davam etdirilir.
Prezident Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzuna, çoxşaxəli xarici siyasətinə və müstəqil mövqeyinə diqqət çəkib. Ölkənin təhlükəsizliyinin təmin olunması, hərbi gücün artırılması, sərhədlərdə sabitliyin qorunması və vətəndaşların əmin-amanlıq şəraitində yaşaması dövlət siyasətinin əsas istiqamətləri kimi qeyd olunub. Eyni zamanda, Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsində birləşdirici roluna toxunulub.
Sosial-iqtisadi sahədə qarşıdakı dövrdə əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılmasının nəzərdə tutulduğu bildirilib. Azərbaycanın enerji potensialının genişləndirilməsi, müxtəlif enerji resurslarının hasilatı və ixracının artırılması istiqamətində görülən işlər də diqqətə çatdırılıb.
Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə toxunan Prezident hazırda bu ərazilərdə 96 min insanın yaşadığını, işlədiyini və təhsil aldığını bildirib. Qeyd olunub ki, bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb və Böyük Qayıdışın qarşıdakı illərdə daha da sürətləndirilməsi nəzərdə tutulur.
Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilib.
Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının nümayəndələri ilə birlikdə mötəbər tədbirdə iştirak etdik.
İnvestisiya imkanları Azərbaycanın iqtisadi inkişafının yeni istiqamətlərini müəyyənləşdirir
Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı Azərbaycanın dayanıqlı iqtisadi inkişafı, investisiya siyasəti və gələcək iqtisadi prioritetləri baxımından mühüm məqamlarla zəngin olub. Dövlətimizin başçısı qeyd edib ki, görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə-iqtisadi sistem olmasaydı, bu gün gələcək inkişaf haqqında danışmaq çətin olardı. Əlverişli investisiya mühitinin nəticəsi olaraq son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib ki, bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşür. Bu göstərici ölkənin beynəlxalq investorlar üçün formalaşdırdığı etibarlı və dayanıqlı iqtisadi mühitin mühüm nəticələrindən biridir.
Prezident İlham Əliyev uzunmüddətli və dayanıqlı iqtisadi artımın təmin olunması üçün neft-qaz sektorundan kənar sahələrin potensialından daha geniş istifadə edilməsinin vacibliyini vurğulayıb. Bu baxımdan əsas prioritet istiqamətlərdən biri bərpaolunan enerji hesab olunur. Azərbaycanın Xəzər dənizinin öz sektorunda 157 giqavatlıq enerji potensialına malik olması, quruda günəş və külək elektrik stansiyalarının fəaliyyət göstərməsi ölkənin yaşıl enerji sahəsində böyük imkanlara malik olduğunu göstərir.
Çıxışda logistika, nəqliyyat və bağlantılar da iqtisadiyyatın mühüm hərəkətverici qüvvələri kimi diqqətə çatdırılıb. Azərbaycanın dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalarına və avtomobil yollarına böyük həcmdə investisiya yatırdığı bildirilib. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım müşahidə olunur və bu göstəricinin cari ildə 16 milyon tona çatacağı gözlənilir. 2030-cu ilədək isə daşımaların ümumi həcminin 25 milyon tona, hətta daha yüksək səviyyəyə çatacağı proqnozlaşdırılır. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində Azərbaycanın tranzit imkanlarına artan tələbat ölkənin regional nəqliyyat-logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.
Dövlətimizin başçısı Azərbaycanın investisiya cəlbediciliyinin əsas amilləri sırasında siyasi və iqtisadi sabitliyi, güclü maliyyə sistemini və aşağı xarici borc göstəricisini də qeyd edib. Valyuta ehtiyatlarının xarici borcu təxminən 20 dəfə üstələməsi ölkənin maliyyə dayanıqlığının mühüm göstəricilərindən biri kimi diqqətə çatdırılıb.
Forumda perspektivli sahələr sırasında mədənçilik, elektrik enerjisi, rəqəmsal inkişaf və digər yeni iqtisadi istiqamətlər də qeyd olunub. Azərbaycanın iqlim dəyişikliklərinin təsirlərinə qarşı dayanıqlılığı, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər də diqqətə çatdırılıb. Eyni zamanda, ölkə ərazisinin 96 faizinin qazlaşdırılması Azərbaycanın sosial-iqtisadi infrastrukturunun inkişaf səviyyəsini göstərən mühüm göstəricilərdən biri kimi vurğulanıb.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın investisiya potensialının, iqtisadi inkişaf prioritetlərinin və regional bağlantı imkanlarının beynəlxalq investorların diqqətinə çatdırılması baxımından mühüm platforma olub. Forum çərçivəsində aparılan müzakirələr Azərbaycanın ənənəvi enerji sektorundan əlavə bərpaolunan enerji, nəqliyyat-logistika, mədənçilik, rəqəmsal texnologiyalar və digər perspektivli istiqamətlər üzrə investisiya imkanlarının genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
2026-cı il sentyabrın 29-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov bildirib ki, hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesləri şəffaf və təkmilləşdirilmiş mərhələlər üzrə davam etməkdədir.
İclasda Hakimlərin Seçki Komitəsinin müraciətinə də baxılıb. Komitənin üzvü, Ali Məhkəmənin hakimi Elşanə Vəliyeva hakim vəzifəsinə namizədlərin seçimi prosesi barədə ətraflı məlumat təqdim edib.
Sonra müsabiqəni uğurla başa vurmuş 39 hakimliyə namizədlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.
Daha sonra intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Azərbaycanın sənaye xəritəsində yeni istiqamətlər
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi və yeni, müasir sənaye istiqamətlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə təqdim olunan 2027–2030-cu illər üçün Dövlət Proqramı bu sahədə yeni istehsal imkanlarının yaradılmasına, təbii resurslardan səmərəli istifadəyə və yüksək əlavə dəyərin formalaşdırılmasına xidmət edir.
Prezident İlham Əliyev qəbul edilmiş dövlət proqramlarının 2030-cu ilin sonunadək tam icra edilməli olduğunu vurğulayıb. Dövlət proqramlarının həyata keçirilməsi iqtisadi inkişafla yanaşı, regionlarda infrastrukturun yenilənməsinə və sosial layihələrin reallaşdırılmasına da mühüm töhfə verib.
Azərbaycanın enerji sahəsində əldə etdiyi nəticələr də iqtisadi inkişafın mühüm göstəricilərindəndir. Ölkədə qazlaşma səviyyəsi 96 faizə çatıb, 25 milyard kubmetrdən çox təbii qaz ixrac olunur. Azərbaycan bir sıra ölkələr üçün etibarlı enerji tərəfdaşına çevrilib. Cari ilin ilk səkkiz ayında qeyri-neft sektorunda 5,4 faizlik artım da iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan nəticələrdəndir.
İşğaldan azad edilmiş ərazilərin təbii resurslarının iqtisadi dövriyyəyə cəlb olunması yeni mərhələ yaradıb. İşğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondunun məhv edilməsi ilə yanaşı, təbii sərvətlərdən qanunsuz istifadə olunub. Hazırda isə Kəlbəcər, Ağdərə və Zəngilanda yerləşən qızıl, mis və molibden yataqlarının geoloji kəşfiyyatı və işlənilməsi istiqamətində işlər aparılır.
Ağdərə rayonunda dağ-mədən layihələri üzrə artıq işlərə başlanılıb. Balakən rayonundakı “Filizçay” polimetal yatağı da Azərbaycanın mühüm mineral resurs potensialına malik perspektiv layihələrindəndir. Bu yataqların istismarı və emalı yeni istehsal zəncirlərinin yaradılmasına, ixrac imkanlarının genişlənməsinə və əlavə dəyərin ölkə daxilində formalaşmasına şərait yaradacaq.
Sənaye parkları və aqroparkların regionlarda genişlənməsi də iqtisadi fəallığın artırılmasına xidmət edir. Yerli və xarici investorların bu prosesə cəlb olunması yeni layihələrin reallaşdırılması və müasir texnologiyaların tətbiqi üçün əlavə imkanlar yaradır.
Beləliklə, 2027–2030-cu illər üçün Dövlət Proqramı Azərbaycanın dağ-mədən və metallurgiya sənayesində yeni mərhələnin əsasını qoyur. Yataqların səmərəli istismarı, müasir emal müəssisələrinin yaradılması və investisiyaların artırılması ölkənin sənaye potensialının və qeyri-neft iqtisadiyyatının gücləndirilməsinə xidmət edəcək.
27 Sentyabr – Vətən Şəhidlərini Ehtiramla Anırıq
27 Sentyabr – Anım Günü Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin dərin ehtiramla yad edildiyi gündür. Bu əlamətdar gündə Vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda həyatını fəda edən bütün şəhidlərimizi sonsuz hörmət və minnətdarlıq hissi ilə yad edirik.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı tarixi Zəfər xalqımızın yaddaşında mühüm yer tutur. Vətən müharibəsi bir daha göstərdi ki, xalqımızın milli həmrəyliyi, dövlət-xalq-ordu birliyi və Vətən sevgisi ən çətin sınaqlar qarşısında belə böyük gücə çevrilə bilir. Döyüş meydanında qəhrəmanlıq göstərən Azərbaycan əsgər və zabitləri, arxa cəbhədə isə öz mənəvi və maddi dəstəyi ilə ordusunun yanında olan xalqımız bu birliyin parlaq nümunəsini nümayiş etdirdi. Bu Zəfərin əldə olunmasında şəhidlərimizin misilsiz fədakarlığı, qazilərimizin qəhrəmanlığı və müharibə iştirakçılarımızın göstərdiyi şücaət xüsusi əhəmiyyət daşıyır. Onların Vətən qarşısındakı xidmətləri dövlətimiz və xalqımız tərəfindən daim yüksək qiymətləndirilir. Şəhid ailələrinə göstərilən diqqət və qayğı, qazilərimizin və müharibə əlillərimizin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Bu gün hər birimiz şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edir, onların ailələrinə dərin hörmətimizi bildiririk. Vətən uğrunda göstərilən fədakarlıq, qəhrəmanlıq və həmrəylik gələcək nəsillər üçün əbədi örnəkdir.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Azərbaycan Dövlətçiliyinin Zəfər Salnaməsi
Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan hadisələrdən biri 2020-ci ildə əldə edilmiş tarixi Zəfərdir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizin böyük hissəsini azad etmiş, ərazi bütövlüyümüzün bərpasına mühüm zəmin yaradılmışdır. Bu Qələbə dövlətimizin siyasi, iqtisadi və hərbi gücünü, xalqımızın milli həmrəyliyini və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticələrini bir daha nümayiş etdirmişdir.
Zəfərdən sonra Azərbaycanın öz ərazilərində suveren hüquqlarının tam təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. 2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində, Laçın yolunun başlanğıcında Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin dövlət sərhədlərinə nəzarətinin təmin olunması baxımından mühüm addım oldu. Prezident İlham Əliyev də bu hadisəni Azərbaycanın ərazi bütövlüyünün tam bərpası istiqamətində mühüm mərhələ kimi qiymətləndirib.
2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda baş verən genişmiqyaslı təxribatların qarşısının alınması və konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat davam edən tədbirlər sentyabrın 20-də başa çatdı və nəticədə Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyi təmin edildi, dövlət suverenliyi tam bərpa olundu.
Dövlət suverenliyinin tam bərpası Azərbaycanın müstəqillik tarixində yeni mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edildi. Sərəncamda bu tarixin Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunması və dövlət suverenliyinin bərpa edilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqının öz taleyinə sahib olması, müstəqil dövlətini yaradaraq inkişaf etdirməsi ən böyük nailiyyətlərindəndir. Bu gün Dövlət Suverenliyi Günü ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını, Azərbaycan bayrağının dövlətimizin bütün ərazisində dalğalanmasını və milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsini ifadə edən əlamətdar tarix kimi qeyd olunur.
Türk Dövlətləri Təşkilatında təhlükəsizlik əməkdaşlığı yeni mərhələdə
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə çıxış edib.
Dövlət başçısı TDT çərçivəsində müxtəlif istiqamətlər üzrə keçirilən yüksək səviyyəli görüşlərin təşkilat daxilində fəal qarşılıqlı əlaqənin göstəricisi olduğunu bildirib. Prezident İlham Əliyev TDT-nin beynəlxalq nüfuzunun artdığını və təşkilatın beynəlxalq gündəliyin, təhlükəsizlik, ticarət, nəqliyyat və humanitar əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirə edildiyi platformaya çevrildiyini qeyd edib.
Çıxışında təhlükəsizlik sahəsində məlumat və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayan dövlət başçısı müasir dövrdə terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlıq, informasiya və kiberməkanda təhdidlərin əlaqələndirilmiş fəaliyyəti zəruri etdiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev TDT-yə üzv ölkələr arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinin, ölkələr və xalqlar arasında əlaqələrin genişləndirilməsinin və təşkilatın beynəlxalq arenadakı rolunun gücləndirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, birgə səylərlə TDT aparıcı beynəlxalq institutlardan birinə çevrilə bilər.